17 fevral 2025-ci ildə Prezident Ilham Əliyev diplomatik xidmət sahəsində fəaliyyətin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər təsdiqləmişdir.
Qanuna əsasən, diplomatik xidmətin prinsipləri müəyyən olunmuş və ilk dəfə daimi diplomatik xidmətə qəbul olunan Azərbaycan Respublikasının vətəndaşı vəzifəsinin icrasına başlamazdan əvvəl and içməli olması şərtləşdirilmişdir.
Həmçinin, müvafiq diplomatik və ya inzibati vəzifədə təqvim ilinin sonunadək azı 6 ay daimi xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının (xüsusi tapşırıqlar üzrə səfir və idarə rəisi istisna olmaqla) xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilməlidir.
Peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi, habelə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədilə diplomatik vəzifədə ən azı 1 il daimi xidmət keçən diplomatik xidmət əməkdaşlarının (xüsusi tapşırıqlar üzrə səfir və idarə rəisi istisna olmaqla) attestasiyası beş ildən bir həyata keçiriləcəkdir.
Bundan əlavə, qanunda diplomatik xidmət orqanı əməkdaşlarına şamil olunan məhdudiyyətlər də müəyyən olunmuş və yaşı 65 yaşına çatmış diplomatik xidmət əməkdaşlarının xidmətdə olma müddətinin hər dəfə bir ildən çox olmayaraq beş ilədək uzadıla bilməsi də müəyyənləşdirilmişdir.